“Baklift-2”nin sabiq rəisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü.Aslanova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunaraq cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilib. Təqsirləndirilən barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməyib.

Ü. Aslanov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Ü.Aslanov barəsində cinayət işinin istintaqı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 139 741 manat pul vəsaitini mənimsəyərək talamaqda ittiham edilib.