Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlayıb.

“Report” xəbər verir ki, Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib.

Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirilib.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.