Bakıdakı abidələrin 2050-ci ilədək idarə olunması üzrə fəaliyyət istiqamətləri müzakirə edilib

İyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Sessiya çərçivəsində 24 iyun – 2 iyul tarixlərini əhatə edən Dünya İrsi Gənc Peşəkarlar Forumu və Dünya İrsi Abidə Menecerləri Forumu (27 iyun – 4 iyul) gerçəkləşir.

Türk.az xəbər verir ki, Abidə Menecerləri Forumu iyunun 30-da öz işini davam etdirib.

Forumun dördüncü günündə Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) təmsilçisi Gamini Wijesuriyanın moderatorluğu ilə “Davamlı inkişaf və irsin idarə olunması ilə bağlı əsas məsələlər” mövzusunda müzakirə aparılıb.Tədbirdə Bakıda yerləşən abidələrin 2050-ci ilədək idarə olunması üzrə əsas fəaliyyət istiqamətləri və zəruri prinsiplərə diqqət çəkilib.

Qrup şəklində aparılan müzakirələr zamanı qədimlik və müasir arasında harmoniya, etibarlılıq, müxtəliflik, qoruma, memarlıq, Bakının rəmzləri, görünmə bucağı, müvafiq konservasiya üzrə məsələlərlə bağlı fikirlər dinlənilib. Mütəxəssislər tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərə toxundular. Müzakirələrdə həmçinin iştirakçılar şüurun artırılması və vahid şəhər anlayışı ilə bağlı düşüncələrini də bölüşdülər.

Tədbirdə hər bir iştirakçı öz ölkəsindəki abidələr və onların qorunmasına dair məruzə ilə çıxış edib. Çıxışlarda abidələrin mühafizəsi sahəsində müsbət və mənfi tendensiyalar barədə məlumat verilib. Bu istiqamətdə UNESCO-nun fəaliyyəti, təşkilatın yardım edə biləcəyi məqamlardan bəhs olunub. Ölkələrin özünəməxsusluğu, mədəni müxtəlifliyi, irsin qorunmasına dövlət dəstəyi, vətəndaş münasibəti və bu sahədə könüllülük məsələləri önə çəkilib.

Əvvəlki“Azad Müəllimlər” İctimai Birliyinin layihəsi çərçivəsində növbəti təlim keçirildi
NövbətiDTX-nin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib