Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

AZƏRTAC ICESCO-nun saytına istinadən xəbər verir ki, Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir.

Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə ediləcək.

Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Əvvəlki“Vətəndaş cəmiyyətinin və ictimaiyyətin rolu nə ola bilər” adlı konfrans keçirildi
NövbətiPakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir