Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə oktyabrın 29-da Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün tərəfindən oxunub.

Birol Akgün bildirib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir.

Onun sözlərinə görə Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu fikri ən gözəl şəkildə ifadə edir: “Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. Tariximizin dərinliklərindən gələn dəyərlərdən, ilham və cəsarətdən güc alaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək”, – deyə səfir vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb. Bölgədə davamlı sülhün təmin olunması, bərpa və inkişafın başlanması, eləcə də qlobal sabitliyin və rifahın artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Ona görə də qalıcı sülhün təmin olunması hamımızın ən vacib məqsədidir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, müasir dövrün görkəmli siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Qardaş Türkiyə yeni beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olmaqla, müstəqil və çoxvektorlu xarici siyasəti vasitəsilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.

O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib: “Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir”.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq.

Sədr qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır.

Rəsmi qəbul konsert proqramı ilə davam edib.

Qeyd edək ki, rəsmi qəbulda Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, media subyektlərinin nümayəndələri iştirak ediblər.

ƏvvəlkiMilli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Parlament Konfransı keçirilib
NövbətiParis Sülh Forumu: COP30 konfransında “Bakıdan Belemə yol xəritəsi” adlı yeni sənəd təqdim olunacaq