Bakıda TDƏŞ-ə üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilib.

Trend-in məlumatına görə, yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorları və digər nümayəndələr qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iclası açaraq böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizlik, sülhə və sabitliyə daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Bundan sonra, Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iclas iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş olunub.

İclasda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimov türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə təsis ediləcək Şuranın mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.

Tədbirə qonaq qismində dəvət olunmuş Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan çıxış edərək qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkərək Şura üzvlərinin əldə edilmiş təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirib.

Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi baş tutub.