Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova və konsertmeyster Yuliya Kərimovanın yaradıcılıq tandemi tərəfindən təqdim olunan “Meridianlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlara Qərb və Şərq bəstəkarlarının musiqi əsərlərini birləşdirən proqram təqdim olunub. Layihənin kuratoru Aqdes Bağırzadə olub.
Çoxsaylı və müxtəlifyönümlü sənət layihələrinin müəllifi olan layihə kuratoru Aqdes Bağırzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, ikinci konsert “Meridianlar” layihəsinin ideya yönümünü orqanik şəkildə davam etdirib.
“Layihəmiz musiqi vasitəsilə Qərblə Şərqi sanki görünməz bir sapla birləşdirir. Deyə bilərik ki, biz müxtəlif ölkələrin bəstəkarlarının əsərləri vasitəsilə musiqi aləminin “xarici təsirlərə” nə dərəcədə açıq olduğunu nümayiş etdiririk. Bəstəkarlar sanki bir çox mədəniyyətdən qidalanaraq əsərlərinə əlavə dərinlik verib, iki dünyagörüşü arasında musiqi körpüsü yaradıblar. “Meridianlar” silsiləsinin ilk konserti 2024-cü ilin noyabrında Azərbaycan Milli İncəsənət Muzeyində baş tutub. Çox xoşdur ki, bu axşam konsertimizə gələn dinləyicilər Azərbaycan səhnəsində ilk dəfə səslənən əsərlərlə yenidən tanış olmaq imkanı qazandılar. Xüsusilə qeyd etmək istəyirəm ki, Fəridə Məmmədova və Yuliya Kərimova ilə musiqi layihələrimizi artıq on ildir təqdim edirik.
Bu illər ərzində dinləyicilərə unikal əsərlər təqdim etməyə nail olduq və hər dəfə nəsə yenilik gətirməyə çalışdıq. Təki klassik musiqiyə dəyər verən Azərbaycan dinləyicisi hər konsertdə yeni bir şey öyrənə bilsin. Zalın formatı isə konsertimizə əlavə bir ab-hava qatdı, sanki Mariinsk Qızlar Gimnaziyasının memarlıq abidəsi olan binasında bu cür axşamların təşkil olunduğu dövrə qayıtdıq. Bizə xoşdur ki, akademik kamera vokal musiqi axşamlarının orijinal və dünyada mövcud olan formatda bərpasına töhfə veririk”, – deyə Aqdes Bağırzadə bildirib.
Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova qeyd edib ki, konsertmeyster Yuliya Kərimova ilə əməkdaşlıq dövründə tamamilə fərqli bəstəkarların və üslub istiqamətlərinin musiqisinin səsləndiyi çox sayda konsert veriblər.
Öz növbəsində Yuliya Kərimova da layihədə iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.
“Milli musiqi məktəbinin əsasını qoyanlardan biri, Türkiyənin ilk milli operasının müəllifi, Türkiyənin dövlət artisti, tarixə “Türk beşliyi” kimi düşən bəstəkar və novatorlar qrupunun üzvü olan Adnan Sayqunun əsərlərini ifa etmək mənim üçün çox maraqlı oldu. Bu, qardaş Türkiyədən olan dostlarımızın, möhtəşəm violonçel ifaçısı Gökhan Akının dəstəyi ilə mümkün oldu. Məhz onun köməyi ilə böyük çətinliklə bu notları tapa bildik. Onlar çap olunmuş variantda mövcud deyildi, sadəcə əl yazma var idi. Deyərdim ki, bu işə daxili həyəcan və böyük ehtiramla yanaşdıq və bunun Bakıda ilk dəfə həyata keçirilməsindən çox məmnunuq. Qeyd etməliyəm ki, “Meridianlar” layihəsi bir növ Fəridə Məmmədova ilə onillik birgə konsert fəaliyyətimizin kiçik bir yekunu sayıla bilər və bu fəaliyyət davam etməkdədir. Proqramlar sanki öz-özünə yaranır və düşünürəm ki, ildə iki geniş və tam proqram təqdim edəcəyik, həm daimi dinləyicilərimizə, həm də bu konsert formatını yenicə kəşf edənlərə. Ona görə də “Meridianlar 3”ü artıq payızda gözləmək olar”, – deyə Yuliya Kərimova qeyd edib.