Bakıda Latviya Respublikasının elan olunmasının 105 illiyi qeyd edilib

Latviya Respublikasının elan olunmasının 105-ci ildönümü münasibətilə noyabrın 17-də Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib.

Ölkəsinin tarixinə, keçdiyi inkişaf yoluna nəzər salan Latviya səfiri Edqars Skuya Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafından danışıb. Ölkələrimiz arasındakı diplomatik əlaqələrin 2024-cü ildə 30 illiyinin qeyd olunacağını diqqətə çatdıran səfir, münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

“Latviya həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir”, -deyə o qeyd edib. Ölkələrimiz arasındakı əlaqələrin beynəlxalq arenada da uğurla inkişaf etdiyindən söhbət açan Edqars Skuya, əlaqələrin bundan sonra da uğurla inkişaf edərək dərinləşəcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan hökuməti adından Latviya xalqını Respublikanın yaranmasının 105-ci ildönümü münasibətilə təbrik edib.

Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən nazir müavini, ölkələrimizin bir-birini hər zaman dəstəklədiklərini deyib.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

ƏvvəlkiVəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
NövbətiÇin-Azərbaycan iqtisadiyyat, ticarət, mədəniyyət və turizm təşviqatı konfransı keçirilib