Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Gənclərin karyera imkanları. Azərbaycan modeli” layihəsi çərçivəsində yanvarın 25-də Bakı Konqres Mərkəzində Beynəlxalq Gənclər Forumu keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının, Milli Məclisin, Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin təmsilçiləri, ali məktəb rəhbərləri, özəl şirkətlərin nümayəndələri, QHT və gənclər təşkilatlarının əməkdaşları iştirak ediblər. Əvvəlcə dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, ADTGT-nın sədri Asif Əsgərli çıxışında “Birlikdə daha yaxşı yaşamaq üçün!” devizi ilə keçirilən beynəlxalq forumun aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən Azərbaycan modelinin təbliğini və gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva etdiyini diqqətə çatdırıb. Bildirib ki, forumda Azərbaycanla yanaşı, ABŞ, İtaliya, Finlandiya, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Moldovadan olan gənc liderlərin və ekspertlərin iştirak etməsi mövzunun nə dərəcədə aktual olduğunu göstərir.

Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov gənclərin karyera və iş imkanlarının təmin olunması istiqamətində ölkəmizdə görülən işlərdən danışaraq, bu baxımdan Azərbaycan modelinin əsasında dövlət gənclər siyasətinin durduğunu diqqətə çatdırıb. O, son illərdə bu sahədə görülən işlərdən də bəhs edərək təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı isə ali təhsil ocağının timsalında əldə olunan təcrübədən söz açıb, gənclərin iş imkanlarının artırılmasının məşğulluq və işsizlik məsələlərinin həllində mühüm rol oynadığını deyib. Bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti savadlı, intellektual gənc nəslin yetişməsinə töhfə verir.

Çıxışlardan sonra beynəlxalq forum işini panel iclaslarla davam etdirib.

İclaslarda gənclərin karyera və məşğulluğu sahəsində qlobal trendlər, Azərbaycan modeli, onun nailiyyətləri, inkişafı, effektiv karyeraya aparan yol və alətlər, karyera quruculuğunda yeni sosial yanaşmalar mövzusunda müzakirələr aparılıb, təqdimatlar olub.