Bakı Şəhəri üzrə Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən işlərdən söhbət açılıb, distant təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələr müzakirə olunub.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva mövcud şəraitdə tədris prosesinin təşkili, 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib. O, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən söz açıb, təhsil sahəsində mühüm dəyişikliklərin olacağına inamını ifadə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib

Təhsil nazirinin müşaviri Elnur Nəsibov İctimai Şuranın fəaliyyətinin səmərəli təşkilindən söz açıb. Təhsil Nazirliyinin ictimai açıqlığa xüsusi önəm verdiyini, təhsil proseslərində ictimaiyyətin yaxından iştirakını dəstəklədiyini bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili, yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər üzrə təklif və tövsiyələrini səsləndiriblər.

Müzakirələrdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.