Bakı Limanının yük daşınmasında Özbəkistanın payı 2 dəfə artıb

Özbəkistan hökumətinin yüksək vəzifəli rəsmiləri, biznes qurumlarının nümayəndələri və Özbəkistanın Azərbaycandakı səfirliyinin diplomatları Bakı Limanının qonağı olub.

Bakı Limanından Trend-ə verilən məlumata görə, bu gün Özbəkistanın nəqliyyat və logistika siyasətinin tənzimlənməsinə və idarə olunmasına cavabdeh olan Özbəkistan Hökumətinin nümayəndələri Bakı Limanına səfər edib və Bakı Limanının rəhbərliyi ilə səmimi görüşdə iştirak ediblər. Görüş Bakı Limanı ilə Özbəkistanın quru limanları, eləcə də logistika şirkətləri arasında mövcud əməkdaşlıq sahələrini və strateji əlaqələri müzakirə etmək üçün önəmli fürsət yaradıb.

Özbəkistan nümayəndə heyətinin tərkibində investisiyalar və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratov, Nəqliyyat nazirinin müavini Casurbek Çoriyev, “Özbəkistan dəmir yolları” SC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Akmal Kamalov, “Uztemiryulkonteyner” ASC-nin İdarə Heyətinin sədri Abdumalik Kamilcanov, Özbəkistanın Bakıdakı səfirliyinin, müxtəlif biznes şirkətlərinin nümayəndələri təmsil olunurdu.

Görüşdə Bakı Limanı ilə Özbəkistanın quru limanları arasında yük dövriyyəsinin hər il üzrə artığı qeyd olunub. Belə ki, cari ilin 5 ayı ərzində yükdaşımaların həcmi 242 min tondan çox olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 70,5 faiz çoxdur. Bakı Limanının ümumi yük daşınmasında Özbəkistanın payı 2019-cu ildə 5% idisə, 2021-ci ildə bu rəqəm 2 dəfə artaraq 10% təşkil edib. Eyni göstərici cari ilin 5 ayında da qeydə alınıb. Özbəkistanla aparılan yükdaşıma növlərinə təkərli nəqliyyat vasitələri, konteynerlər, quru yüklər, neft və neft məhsulları daxildir.

Hər iki ölkənin nümayəndələri limanlar arasında mövcud logistika və nəqliyyat əlaqələrinin inkişafı məqsədilə investisiya və ticarət resurslarının cəlb olunması və ticarət imkanlarının genişləndirilməsinə əlverişli mühitin yaradılması üçün bundan sonra da intensiv səylər göstərəcəklərini vurğulayıblar.