Bakı DYP sürücülərə müraciət edib

Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə kampaniya xarakteri daşımayan tədbirlər davam etdirilir.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V. Əsədov bildirib ki, təmirlə bağlı hərəkətin məhdudlaşdırıldığı yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırır, sünü tıxacın yaranmasına səbəb olur: “Yol qovşaqlarında hərəkət işıqforlala, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur. Süni olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün yol polisi tərəfindən əlavə naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda gərgin vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər. Müqayisə və ya istinadla deyə bilərik ki, hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir. Ancaq hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməli, “tələsirəm” deyib, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır. Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır”.