Bakı Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, festival klassikanı və müasirliyi, dünya bəstəkarlarının şah əsərlərini və Azərbaycanın mədəni irsini birləşdirərək ənənə ilə yeniliyin, Şərqlə Qərbin dialoqu üçün məkan yaradır.

Festivalın fəxri səfiri, ssenarist və dramaturq İsmayıl İman jurnalistlərə açıqlamasında qeyd edib ki, festival 3 həftə davam edəcək və Bakının aparıcı səhnələrində məşhur rejissorlar, xoreoqraflar və teatr truppaları çıxışlar edəcəklər. “Bu günlər ərzində görkəmli sənətçilərin tamaşaları nümayiş olunacaq. Festivalın məqsədi mədəni mübadiləni təşviq edən, müxtəlif icmaları birləşdirən və Bakının beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini gücləndirən bir platforma yaratmaqdır. Belə tədbirlər yaradıcı şəxsləri bir araya gətirir və Azərbaycanın mədəni imicinin möhkəmlənməsinə töhfə verir”, – deyə İ.İman əlavə edib.

Özbəkistanlı pianoçu Behzod Abduraimovun sözlərinə görə, belə festivallar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilərlə bir arada olmaq üçün gözəl fürsətdir.

O, festivalın əhəmiyyəti barədə danışarkən deyib: “Burada keçirdiyimiz iki məşq yaxşı mənada çox tez keçdi, çünki hər şey rahat şəkildə reallaşdı. Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək və müzakirə etməkdə çox maraqlıyam. Uzun müddətdir ki, Azərbaycana səfərimi səbirsizliklə gözləyirdim. Təəssüratlarım çox xoşdur”.

Açılış mərasimində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Proqramına Dmitri Şostakoviçin əsərləri, Qara Qarayevin “Don Kixot” süitası və Pyotr Çaykovskinin monumental konserti daxildir.

Bakı Beynəlxalq İncəsənət Festivalı noyabrın 16-dək davam edəcək.

ƏvvəlkiMikayıl Cabbarov İstanbul Sənaye Palatasının nümayəndə heyəti ilə görüşüb
NövbətiÜzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Arşın mal alan”ın Vyanada növbəti təntənəsi