Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakıda Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.

Konfransda 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq dövlət rəsmisi, hüquqşünas, xarici qonaq iştirak edib.

Tədbirdə Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva çıxış edərək bildirib ki, mərkəz yüksək beynəlxalq standartlara uyğun olaraq yaradılıb. Digər arbitraj mərkəzləri kimi Bakı Arbitraj Mərkəzinin də müvafiq qərarları olacaq: “Arbitraj qaydaları hazırdır. Bu qaydalar rus, fransız və türk dillərində də tərtib olunacaq. Həmçinin “Bakı Arbitraj hüququ” adlı jurnal tərtib etmişik. Bu, ixtisaslaşmış hüquq jurnalıdır. Jurnal ildə 2 dəfə Azərbaycan və ingilis dillərində çap olunacaq”.

Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında qeyd edib ki, məhkəmələr və arbitraj bir-birinə rəqib deyil. Azərbaycan arbitrajı əsas beynəlxalq müqavilələrin, o cümlədən 1958-ci il Nyu-York Konvensiyasının iştirakçısıdır: “Arbitrajın yaxşı işləməsi üçün bizə güclü institutlar, qanunları ardıcıl və dürüst şəkildə tətbiq edən məlumatlı hakimlər lazımdır. Fədakar və peşəkar heyəti, eyni zamanda, beynəlxalq standartlara uyğun fəaliyyəti ilə mərkəz Azərbaycanın ədalətli və şəffaf mübahisə həllinə olan sadiqliyini nümayiş etdirir. Bu, arbitraja olan etimadı artıracaq və Azərbaycanda qanunun aliliyini daha da möhkəmləndirəcək. Arbitrajın uğurla həyata keçirilməsi üçün müvafiq institutlarla məhkəmə sistemləri arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.

Ədliyyə naziri Fərid Əhmədov vurğulayıb ki, Azərbaycanda beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə ixtisaslaşmış yeni nəsil gənc hüquqşünaslar formalaşıb: “Onlar təkcə beynəlxalq arbitraj məhkəmələrində iş aparmaq bacarığına malik deyillər, eyni zamanda, müxtəlif arbitraj panellərində arbitr kimi fəaliyyət göstərmək imkanına da sahibdirlər. Bakı Arbitraj Mərkəzinin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası və ədalətli mübahisə həlli mexanizmlərinin qurulması istiqamətində mühüm addımdır”.

Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelin sözlərinə görə, arbitraj dövlətlərə, şirkətlərə və beynəlxalq investorlara sakit, etibarlı və ədalətli mühitdə fikir ayrılıqlarını həll etmək imkanı verir: “Vasitəçilikdən və barışdırmadan fərqli olaraq, arbitraj məhkəmə qüvvəsinə malik bağlayıcı qərar çıxarır. Bu, hüquqi aydınlıq və sabitlik yaradır. Daimi məhkəmələrdən fərqli olaraq, arbitraj prosesi çevikdir. Tərəflər öz arbitrlərini seçə, qaydalarını müəyyənləşdirə və nəticənin obyektivliyinə inanaraq bu prosesi şəffaf şəkildə idarə edə bilirlər. Bu baxımdan, arbitraj yalnız hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur”.

Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutun keçmiş prezidenti Maria Chiara Malaguti deyib ki, regionda iqtisadi inteqrasiyanın, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün etibarlı hüquqi mühitin yaradılması vacibdir. Bu baxımdan, Bakıda Beynəlxalq Arbitraj Mərkəzinin təsis edilməsi çox mühüm və vaxtında atılmış addımdır. “Bu mərkəz təkcə hüquqşünaslar və mütəxəssislər üçün deyil, həm də ölkə və region üçün strateji imkan yaradır. Çünki arbitraj mübahisələrin sülh, qarşılıqlı hörmət və hüququn aliliyi prinsipləri əsasında həllinə xidmət edir. Arbitrajın əsas üstünlüyü onun elastikliyi və tərəflərə verdiyi azadlıqdır. O, iştirakçılara qaydaları özləri müəyyən etmək, münasibətləri pozmadan fikir ayrılıqlarını aradan qaldırmaq imkanı yaradır. Bu mərkəzin yaradılması Azərbaycan üçün həm investisiya mühitinin etibarlılığını artırmaq, həm də regional hüquqi infrastrukturun güclənməsi baxımından əhəmiyyətlidir”.

Çıxışlardan sonra tədbir panel müzakirələrlə davam edib.

ƏvvəlkiBakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilib