AZPROMO rəsmisi: “Qeyri-neft ixracımızın 60 %-i sənaye məhsullarıdır”

Azərbaycandan ixrac edilən qeyri-neft məhsullarının təxminən 60 %-i sənaye məhsullarıdır.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərinin müavini Zöhrab Qədirov bildirib.

“Xüsusilə kimya sənayesi qeyri-neft ixracına böyük töhvə verir. İxracda aqrar sektor önəmli olsa da, Azərbaycandan kənd təsərrüfatı məhsulları daha çox xammal formasında idxal edilir, emal edilmiş məhsullarımıza tələbat azdır”, – deyə o qeyd edib.

“İxracın artımı sistemli olmalıdır, bunun üçün isə lazımi infrastruktur yaradılmalıdır. AZPROMO Milli İxrac Strategiyası hazırlayıb. Sənəddə Tədbirlər Planı və gözlənilən nəticələr öz əksini tapıb. Həmin əticələrin əldə edilməsini qarşımıza məqsəd qoymuşuq”, – deyə Z.Qədirov əlavə edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 386 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik müqayisədə 10,5 % artaraq 269,15 milyon ABŞ dolları olub.

Ötən il isə Azərbaycanın qeyri-neft ixracının dəyəri əvvəlki illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.

ƏvvəlkiBakıda “Gender Azərbaycan” portalının təqdimatı keçirilir
NövbətiAzMİU-nun əməkdaşı Böyük Britaniyada startap ekosistemi ilə bağlı təlimlərdə iştirak edib