Azad olunmuş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiyanın quraşdırılmasına başlanılıb

“İşğaldan azad edilmiş torpaqlarda yaşıllaşdırma işləri ilə yanaşı toxum səpin işləri də keçirilib. Mineral su ehtiyyatlarımızın miqdarı öyrənilib. İqlim dəyişiklikləri nəticəsində ölkəmizdə baş verən su ehtiyatlarının azalması fonunda azad olunmuş ərazilərdəki su ehtiyatları çox önəmli əhəmiyyətə malikdir. Hazırda çaylarda mütəmadi monitorinqlər keçiririk”.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində “Ekspert saatı”nda çıxışı zamanı nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

Şöbə müdiri bildirib ki, həmin ərazilərdəki, 10 çay üzərində 11 ədəd avtomat hidroloji stansiyanın quraşdırılmasına başlanılıb: “İşğaldan azad olunmuş ərazilərdə artıq mühafizə olunmuş ərazilər var. Bəsitçay dövlət təbiət qoruğunun bərpası istiqamətində işlərə başlanılıb. Eyni zamanda, ərazidəki hidrometeoroloji fəaliyyətin növbəli şəkildə bərpa olunması planlaşdırılır. Apardığımız monitorinqlərdə azad olunmuş ərazilərdəki su ehtiyatlarının Ermənistan tərəfindən çirkləndiyi aşkar edilib. Bu çirklənmənin qarşısının alınması istiqamətində də müxtəlif platformalarda, beynəlxalq təşkilatlarla birgə çirklənmənin qarşısını almaq üçün tədbirlər görülür. Eyni zamanda, su ehtiyatlarının bərpası və ərazilərdə səmərəli istifadəsi üçün də plan hazırlanır”.