AZƏRTAC beynəlxalq xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət ünvanlayıb

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) və tərəfdaş olduğu digər informasiya agentliklərinin rəhbərlərinə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, regionda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmağa çağırıb.

Müraciətdə Ermənistan tərəfindən Azərbaycana qarşı son vaxtlar törədilmiş hərbi təxribatlar, müharibə cinayətləri barədə məlumat verilir, Ermənistan rəhbərliyinin və erməni lobbisinin uydurduğu yalan və böhtanların bəzi KİV-lərə yol tapmasından narahatlıq ifadə olunur.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini kobudcasına pozaraq, qoşunların bütün təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, habelə cəbhə xəttindən uzaqda yerləşən mülki obyektləri, şəhər və kəndləri atəşə tutub. Nəticədə təkcə son on gündə 30-dan çox dinc sakin həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçib, işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində hərbi əməliyyatlara başlayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələrinin qeyd olunduğu müraciətdə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının indiyədək yerinə yetirilmədiyi vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı beynəlxalq hüquqa əsaslanır və bundan məqsəd Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü təmin etməkdir.

“Təəssüf ki, biz beynəlxalq KİV-lərdə ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünün işıqlandırılmasında qərəzliliyin daha da artmasını müşahidə edirik. Bəzi KİV-lər informasiyanı dəqiqləşdirmədən, Ermənistan Müdafiə Nazirliyinin feyk məlumatları əsasında xəbərlər yayırlar”, – deyə müraciətdə bildirilir və buna konkret misallar göstərilir.

Müraciətdə daha sonra deyilir: “AZƏRTAC sizin bütün sorğularınıza cavab verməyə, hadisələr barədə istənilən məlumatı təqdim etməyə, habelə Azərbaycanın rəsmi mənbələrindən dəqiq informasiya əldə olunmasına kömək göstərməyə hazırdır. Biz əminik ki, tərəfdaş agentliklər jurnalistikanın prinsiplərinə axıradək sadiq qalacaq, onların xəbər lentlərinə regionda baş verən hadisələr barədə feyk məlumatların yol tapmasına imkan verməyəcəklər”.

Xatırladaq ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Şurasının (UNA) üzvüdür.

ƏvvəlkiSoltan Məmmədov: “Humanitar atəşkəs Ermənistanın sonuncu şansıdır”
NövbətiSadır Japarov Qırğızıstanın yeni Baş Naziri seçilib