İsveçdə yaşayan həmyerlimiz, riyaziyyat elmləri doktoru Səadət Kərimi Stokholmda keçirilən riyaziyyat üzrə konfransda elmi məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində o, İsveç Kral Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub.
Konfrans İsveç Kral Elmlər Akademiyası yanında fəaliyyət göstərən və dünya üzrə aparıcı elmi mərkəzlərdən biri sayılan Mittaq-Leffler İnstitutu tərəfindən təşkil olunub. İnstitut uzun illərdir həm İsveçdə, həm də beynəlxalq miqyasda riyazi tədqiqatların inkişafında mühüm rol oynayır.
“Sözügedən “Kleyn günləri” adlı hər il keçirilən son dərəcə maraqlı və məhsuldar forumda iştirak mənim üçün böyük şərəf idi. Geniş təəssüratım var, çünki bu institut dünyanın ən məşhur riyaziyyatçılarının elmi mərkəzidir. Qosta Mittaq-Leffler burada dünyanın ən qabaqcıl riyaziyyat kitabxanalarından birini yaradıb. Bu möhtəşəm kitabxanada Fibonaççi, Puankare, Eyler və Nyuton kimi ən böyük və fundamental riyaziyyatçıların əlyazmaları, məktubları, ilk nəşrləri və kitablarının ilk nüsxələri qorunub saxlanılır. Hazırda bu binada dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş alimlərin çalışdığı, beynəlxalq səviyyədə aparıcı riyazi tədqiqat mərkəzi yerləşir”, – deyə S.Kərimi təəssüratlarını bölüşüb.
“Kleyn günləri” konfransında təxminən iyirmi riyaziyyat müəllimi Mittaq-Leffler İnstitutunda professor və müəllimləri ilə görüşür, təcrübə mübadiləsi aparır, müxtəlif riyazi yanaşmaları və tədris məsələlərini müzakirə edir, elmi diskussiyalar keçirir.
“Kleyn günləri” beynəlxalq layihəsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Riyazi Təhsil Komissiyası (ICMI) və Beynəlxalq Riyaziyyat İttifaqı (IMU) tərəfindən Feliks Kleynin “Daha yüksək baxış nöqteyi-nəzərindən ibtidai riyaziyyat” adlı məşhur əsərinin 100 illiyi ərəfəsində reallaşıb.





















































