Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionu olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb.

Ülvü Qənizadə (72 kiloqram) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.

Murad Əhmədiyev (97 kiloqram) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kiloqram) dünya üçüncüsü olub.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
NövbətiAzərbaycan ilə Ruanda arasında imzalanmış sənədlər mübadilə olunub, sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər