Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində qızıl və bürünc medal qazanıblar

    Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.

    AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə yunan-Roma güləşində Azərbaycan millisinin bir neçə üzvü mübarizə aparıb.

    60 kiloqramda Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək, finala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib – 1:9.

    63 kiloqramda Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

    Fərid Xəlilov (67 kq) koreyalı Byeonqqi Seonu (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

    77 kq-da Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan Ülvü Qənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milli üzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıb və Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın bir addımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündə isə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.

    82 kiloqramda Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmayıb və yarışdan çəkilib.

    Murad Əhmədiyev (97 kq) türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədə rusiyalı İliya Yermolenkodan güclü olub – 8:4.

    Onunla eyni çəkidə dübarizə aparan Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.

    Beləliklə, son yarış günündə “klassiklərimiz” 1 qızıl və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli ilin son reytinq yarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Ruslan Nurullayev (72 kiloqram) və İslam Abbasov (87 kiloqram) üçüncü yeri tutub.

    ƏvvəlkiAzərbaycan idmançısı Türkiyədə qızıl medal qazanıb
    NövbətiLaçın yaylaqlarında əhaliyə növbəti səyyar tibbi xidmət göstərilib