Azərbaycanın və Venesuelanın xarici işləri nazirləri arasında telefon danışığı olub

Yanvarın 13-də xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.

Venesuelalı nazir son hadisələr barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərinin bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

ƏvvəlkiPrezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
NövbətiBƏƏ-nin “Masdar” şirkəti enerji portfelinin gücünü 65 giqavata çatdırıb