Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

O vurğulayıb ki, Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb.

“Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək.

Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin  məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq”, – B.Hacızadə əlavə edib.

ƏvvəlkiMaestro Niyazinin xatirəsi yad olunacaq
Növbəti“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb