Azərbaycan və Koreya arxeoloqları birgə əməkdaşlıq müqavilə anlaşmasını imzaladılar

İyulun 11-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən Arxeologiya sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin əməkdaşları, həmçinin, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri cənab Li Jae-vung və Seul Milli Universitetinin professoru Kim Jong-İl iştirak edirdilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İcitmaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, tədbiri giriş sözü ilə açan SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin sədri Ruhəngiz Heydərova tədbir iştirakçılarını salamladı. SEBA Assosiasiyası sədri çıxışında bildirdi ki, 10 ildən çox bir müddətdə Azərbaycan və Koreya arxeoloqları Azərbaycanın Qəbələ bölgəsində müxtəlif tarixi dövrlərə aid möhtəşəm arxeoloji abidələrdə birgə tədqiqatlar aparmaqdadırlar. Bu tədqiqatlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da təmənnasız dəstək göstərməkdədir. “Əvvəlki illərdə yalnız 5 illik birgə fəaliyyət və yardım planı tərtib olunurdu. Lakin artıq elmi araşdırmalar 10 ildən yuxarı bir müddəti əhatə etdiyindən, qarşılıqlı məsləhətləşmələrdən sonra qarşıdakı illərdə əməkdaşlıq üçün üçtərəfli bir anlaşma memorandumunun imzalanmasına ehtiyacın gündəmə gəldiyini qəbul etdik” – deyə SEBA Assosiasiyası sədri Ruhəngiz Heydərova tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində beynəlxalq elmi araşdırmalar üçün geniş imkanlar açılmışdır. Bunun da bariz nümunəsi Qəbələdə Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyət göstərməsidir.” – deyə SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova vurğuladı. Daha sonra R.Heydərova aparılmış tədqiqatlarda azərbaycanlı arxeoloqlar — tarix elmləri doktoru Qafar Cəbiyevin, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin, mərhum professor İlyas Babayevin böyük xidmətlərindən söz açdı. Xüsusi olaraq Seul Milli Universitetinin professoru Kim Jong-İl`in və onun rəhbərliyi altında koreyalı tələbələrin aparıdğı tədqiqatları qeyd olundu. Çıxışının sonunda R.Heydərova uzun illər Azərbaycanda tədqiqatlar aparmış Koreya Respublikası tərəfindən Seul Milli Universitetinin professoru Kim Jong-İl`ə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarına, elmi tədqiqatlara dəstək göstərmiş aidiyyatı dövlət orqanlarına və ictimai təşkilatlara minnətdarlığnı bildirdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbirdə iştirak edən koreyalı qonaqlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu barədə məlumat verdi. Professor M.Rəhimova qeyd etdi ki, Dövlət başçısı  cənab Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdiyi qayğının bariz nümunəsi kimi artıq Azərbaycanda 10-dan yuxarı beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərməkdədir, Azərbaycan arxeoloqlarının tədqiqatları dünyanın tanınmış elmi dərgilərində dərc edilir. “Beynəlxalq əməkdaşlıq sahəsində Koreya alimləri ilə birgə tədqiqatlarımız xüsusi qeyd edilməlidir. Abidələrin tədqiqatında, restavrasiya və konservasiya işlərində koreyalı həmkarların bizimlə bilik mübadiləsindən olduqca məmnunuq.” – deyə professor M.Rəhimova bildirdi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru professor M.Rəhimova Qəbələdə aparılan arxeoloji tədqiqatlara, elmi araşdırma nəticələrinin müxətlif dillərdə nəfis nəşrinə, Qəbələdə Arxeoloji Mərkəzin və muzeyin təşkilində təmənnasız yardımına görə, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasına təşəkkürünü bildirmişdir.

Seul Milli Universitetinin professoru Kim Jong-İl 10 il müddətində Qəbələ bölgəsində apardığı birgə elmi araşdırmalar nəticəsində Azərbaycanın dünya elmi üçün böyük əhəmiyyətə malik olan arxeoloji abidələrlə zənginliyinin şahidi olduğunu bildirdi. “On ildən çox bir müddətdə bu gözəl ölkədə mənim  və rəhbərliyim altında Qəbələdəki arxeoloji tədqiqatlarda iştirak etmiş koreyalı tələbələr üçün Azərbaycan ikinci vətən olmuşdur” – deyə professor Kim Jong-İl səmimi hisslərini bildirdi. O, çıxışında mərhum azərbaycanlı arxeoloq professor İlyas Babayevin xatirəsini də yad etdi. Daha sonra koreyalı professor hər iki ölkənin arxeoloji tədqiqatlar sahəsində əməkdaşlığının gerçəkləşməsi kimi şərəfli işdə xidmətlərinə görə, SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna, aidiyyatı dövlət orqanları və ictimai təşkilatlara dərin minnətdarlığını bildirib.

Tədbir çərçivəsində həmçinin qarşıda duran birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparıldı. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşları — tarix elmləri doktoru Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Qoşqar Qoşqarlı, Ceyhun Eminli, Fərhad Quliyev, Akif Quliyev yeni tədqiqatlar, abidələrin konservasiyası və muzeyləşməsi, birgə fəaliyyətin istiqamətləri və iki ölkə arxeoloqlarının qarşıdakı əməkdaşlığının mühüm məsələləri barədə fikir və təkliflərini bildirdilər.

Daha sonra Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji tədqiqatlar sahəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi arasında müqavilə anlaşmasının imzalanma mərasimi keçirildi. Müqavilə anlaşmasını AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, SEBA (Seul-Bakı)  Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova və Seul Milli Universitetinin professoru Kim Jong-İl imzaladılar. Elmi-tədqiqat müəssisələri qismində çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, həmçinin Seul Milli Universiteti, vasitəçi tərəf olan SEBA (Seul-Bakı)  Assosiasiyası tərəfindən imzalanmış müqavilə anlaşmasının bəndləri Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji ekspedisiyasının fəaliyyətinin qarşıdakı 3 ildə davamını, tədqiqat planlarının, hesabatlarının qarşılıqlı məsləhətləşmələr və razılıq əsasında tərtibi, arxeometrik araşdırmaların və tədqiqat nəticələrinin birgə nəşri, hər iki tərəfdən tədqiqatlara gənc mütəxəssislərin və tələbələrin cəlb edilməsini və qarşılıqlı elmi tədqiqatların inkişafı üçün ümdə olan müddəaları ehtiva edir.

ƏvvəlkiTürkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur
NövbətiBazar gününün hava proqnozu açıqlanıb