Azərbaycan və Fransa alimləri Goranboy rayonu ərazisində birgə elmi tədqiqatlar aparır

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında, birgə elmi tədqiqatların  aparılmasına dair bağlanan anlaşma memarandumuna əsasən, Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlara başlanılmışdı. Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycanlı alimlərlə yanaşı Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, arxeoloji tədqiqat işləri Goranboy rayonu ərazisində yerləşən, eneolit dövründən-orta əsrlərdək bir neçə arxeolji mədəniyyətləri özündə əks etdirən Qaraçinar çoxtəbəqəli qədim yaşayış yerində aparılmaqdadır. Tarix üzrə fəlsəfə doktorları, arxeoloq Bəxtiyar Cəlilovun, Müzəffər Hüseynovun və onların fransalı həmkarı doktor Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə əsasən Qaraçinar abidəsi Eneolit, İlk tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir. Əldə edilmiş maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Eneolit və İlk tunc dövrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı abidənin İlk tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi formada inşa olunmuş tikili qalıqları da aşkar edilmişdi. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Qaraçinar qədim yaşayış yerində aparılan arxeolji qazıntılarda  iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3 D görüntüləri hazırlanmışdı.  Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilmiş, fotoqrammetrik çəkilişlər aparılmış və beynəlxalq laboratoriyalarda analiz edilmələri üçün müxtəlif artefaktlardan nümunələr götürülmüşdür.

Xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan ərazisində aparılan arxeoloji qazıntıların nəticələrinə dair beynəlxalq konfranslarda birgə elmi məruzələrin edilməsi və nüfuzlu jurnallarda müştərək elmi məqalələrin nəşri nəzərdə tutulmuşdu.

Əvvəlki2 iyul Azərbaycanda Polis Günüdür
NövbətiBaş Nazir: “Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə ölkəmizin mövqeyini müdafiə edir”