Azərbaycan və Avstriya arasında parlament diplomatiyasının inkişafı müzakirə edilib

Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişilinin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər Avstriya Parlamentində Avstriya-Türkiyə, Azərbaycan parlamentlərarası işçi qrupunun rəsmi dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində nümayəndə heyəti noyabrın 25-də Avstriya Parlamentinin spikeri Valter Rozenkrants ilə görüşüb. Görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti yüksək qiymətləndirilib, parlament diplomatiyasının bu münasibətlərin inkişafına töhfəsi vurğulanıb. Görüşdə, həmçinin Avropanın enerji təminatında Azərbaycanın oynadığı rol və Avstriya ilə enerji sahəsində əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə qarşı tərəfə Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar barədə ətraflı məlumat verib. Parlament sədri Azərbaycanın sülh gündəliyini təqdir edərək, sülh sazişinin qısa bir zamanda imzalanmasının ümidvar olduğunu vurğulayıb.

Səfər zamanı Avstriya Parlamentində Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupların görüşü keçirilib. Görüşdə Azərbaycanın yerləşdiyi regionda yeni reallıqlar, sülh gündəliyi, yaşıl enerjiyə keçid, Mərkəzi Asiya ölkələri formatının genişlənməsi və Azərbaycanın bu formata qoşulması ilə yaranan yeni perspektivlər, Avropa və Asiya arasında kommunikasiya imkanlarının inkişafında Azərbaycanın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb. Coğrafi yerləşməsi baxımından Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında vacib körpü rolu oynayan bir ölkə kimi qiymətləndirən Avstriya tərəfi enerji və nəqliyyat sahələrində ikitərəfli əsasda da əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq ifadə edib.

Görüşdə, həmçinin Avstriya ilə müxtəlif sahələr üzrə əlaqələrin inkişafı perspektivləri və bu əlaqələrin inkişafı üçün ikitərəfli sahədə parlamentlərarası qrupların qarşılıqlı səfərləri müzakirə edilib.

Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Avstriya ilə parlamentlərarası işçi qrupunun üzvü Azər Kərimli də iştirak ediblər.

ƏvvəlkiAzərbaycan nümayəndə heyəti UN-Habitat sessiyasında WUF13-ə hazırlıqla bağlı təqdimat keçirib