Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

AZƏRTAC-ın bu məqaləsində Azərbaycan ilə Türkmənistanın müstəqillik dövründəki əlaqələrinə qısa nəzər yetirilir.

Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.

Azərbaycan və Türkmənistan arasında formalaşan yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Dövlət başçılarının bir-birinə hörməti, daim aktual siyasi məsələlərdə koordinasiyalı yanaşmaları münasibətlərin əsasını təşkil edir. Hər iki dövlət həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyərək ortaq maraqlar naminə birgə fəaliyyət göstərirlər.

Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq bu ölkələri birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd təkcə iqtisadi deyil, həm də siyasi güvənin simvoludur.

Eyni zamanda, Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub. Bu məbləğin 19,2 milyon dolları Azərbaycan məhsullarının ixracı, 99,2 milyon dolları isə Türkmənistan məhsullarının idxalı ilə bağlıdır.

Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici halqaya çevrilir. Bu baxımdan Xəzər dənizi də xüsusi məna kəsb edir. Son dövrlərdə Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artaraq 2362 TEU-ya çatıb.

Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında imzalanmış Anlaşma Memorandumu qanunverici orqanlar səviyyəsində də əməkdaşlığın genişləndiyini sübut edir. İki ölkənin nümayəndələri beynəlxalq parlament təşkilatlarında da bir-birini dəstəkləyir, təcrübə mübadiləsi aparırlar. Eyni zamanda, hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir. Təşkilat çərçivəsində keçirilən tədbirlər – zirvə görüşləri, gənclər proqramları, iqtisadi forumlar türkdilli dövlətlər arasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edir.

Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır.

Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan bu iki xalqın münasibətləri yalnız bu günün deyil, sabahın da uğurlarını şərtləndirir. Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan bu əlaqələr regionda sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verəcək.

ƏvvəlkiMilli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Növbətiİlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar