Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
1. Siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsinə dair təşəbbüslər;

2. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

3. Şəhid ailələri, qaçqın, məcburi köçkün, əlilliyi olan şəxslərin, veteranların və digər həssas sosial qruplara aid olan şəxslərin sosial məsələlərinin həll edilməsinə dair təşəbbüslər;

4. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;

5. Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər;

6. Ümumi, orta ixtisas və ali təhsil, mədəniyyət və incəsənətin inkişafına dair təşəbbüslər;

7. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər;

8. Ölkənin turizm cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq miqyasda fəaliyyətin genişləndirilməsinə dair təşəbbüslər;

9. Ailə, qadın və uşaqların sosial, fiziki və mənəvi inkişafına dair təşəbbüslər;

10. İnsan alverinə qarşı mübarizə sahəsində təşəbbüslər;

11. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyalarının institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;

12. Ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin təşkili;

13. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı, o cümlədən İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;

14. Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər;

15. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;

16. Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər;

17. Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı təşəbbüslər;

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

 

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

 

Qrantın məbləği

  • 2017-ci ilin sonunadək dövlət qeydiyyatından keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min) manat ola bilər.
  • 2018-ci il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 15 noyabr 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ – Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il, saat 18.00-dək müddəti əhatə edir.

  • 2-ci mərhələ – Ərizələrin texniki seçim mərhələsi;

Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ – Layihə sənədlərinin texniki seçim mərhələsi;

Bu mərhələ 15 noyabr-24 dekabr 2018-ci il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 4-cü mərhələ – Qeydə alınmış layihə sənədlərinin ekspertizası;

Bu dövr 26 dekabr 2018-ci il–28 yanvar 2019-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə sənədlərinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və məxfilik təmin edilməklə qiymətləndirilir.

  • 5-ci mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2019-cu il fevral ayının 15-indən sonra Şuranın iclasının qərarıyla müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 23 noyabr 2018-ci il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, II mərtəbə) keçiriləcək.

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq mümkündür. Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət etmək olar.

Tel/faks: (012) 493 17 32/80 (daxili 250/270).

E-mail: thuseynli@cssn.gov.azebagirli@cssn.gov.az

ƏvvəlkiAlmaniyadan son 10 ayda 1449 nəfər azərbaycanlı deportasiya olunub
NövbətiTəhsil nazirinə yeni müavin təyin edilib