Azərbaycan BMT-nin Məskunlaşma Proqramı Assambleyasının Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı Assambleyasının 2023-cü ildə qəbul edilmiş “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun UN-Habitat-ın Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında 2-ci sessiyası (OEWG-H2) keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub. Bundan öncə büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.

Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzil ilə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının katibliyi rolunu oynayır, tövsiyələr hazırlayır, üzv ölkələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir.

İşçi Qrupun bürosuna həmsədrlik Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının davamlılığına, dünyada mənzil təminatı məsələlərinin həllinə daha böyük töfhə verməsinə xidmət edəcək. Bununla yanaşı, bu yüksək vəzifə 2026-cı il mayın 17-22-də Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri və təşəbbüslərinin önə çıxarılması üçün mühüm platforma olacaq.

Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. WUF13-ə ev sahibliyi ilə bərabər ölkəmiz UN-Habitat İcraiyyə Şurasının üzvüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universitetinin ekspertləri UN-Habitat tərəfindən hazırlanan “İnsan-mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Qaydalar”ı hazırlayan İşçi Qrupun üzvüdür. 2023-cü ildə UN-Habitat-ın Ümumdünya Məskunlaşma Günü (WHD23) Bakıda keçirilib. UN-Habitat, həmçinin 2022, 2023 və 2025-ci illərdə baş tutan Azərbaycanın Milli Şəhərsalma Forumlarına fəal dəstək göstərib.

ƏvvəlkiNaxçıvan duzunun istehsalının dayandırılmasının səbəbləri açıqlanıb
NövbətiAzərbaycanda mikro sahibkarlar üçün təminat mexanizmi istifadəyə verilib