“Azərkosmos”un ixrac gəlirləri cüzi artıb

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 41 ölkəyə 45,3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayında bildirilir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 8 ölkə və 0,4% (0,2 milyon dollar) çoxdur.

Ötən il “Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 89 %-ni təşkil edib. Qurumun xidmətlərinin əsas idxalçıları 11,4 milyon dollarla ilə Fransa, 10,4 milyon dollarla ABŞ, 9 milyon dollarla Böyük Britaniya, 6,9 milyon dollarla Malayziya və 1,9 milyon dollarla BƏƏ olub.

Ötən ay isə “Azərkosmos” 28 ölkəyə 3 milyon dollaı dəyərində xidmət ixrac edib ki, bu da əvvəlk ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 ölkə və 21,05% (0,8 milyon dollar) azdır.