“Azərbaycanın Vətən müharibəsində Qələbəsi” kitabı ingilis dilində çapdan çıxıb

“Azərbaycanın Vətən müharibəsində Qələbəsi” (Victory of Azerbaijan in the Patriotic War) kitabı Milli Müdafiə Universiteti tərəfindən ingilis dilində işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan kitab 44 günlük Vətən müharibəsində Qələbənin ikinci ildönümünə həsr olunub.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın müəllifi Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.

Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas geosiyasi proseslərin və hadisələrin izahı verilib. Həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib.

Nəşrdə, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələrində hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub, o cümlədən Vətən müharibəsində Azərbaycanın Qələbəsini təmin edən Silahlı Qüvvələrimizin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilib.

Kitabda xüsusi vurğulanıb ki, Vətən müharibəsi dövründə baş verən hərbi-siyasi hadisələr bu gün faktiki olaraq, Azərbaycan və dünya hərb sənəti tarixində yeni səhifə açıb. Müasir müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikadze dronların) belə irimiqyaslı tətbiqinin analoqu yoxdur. Qarabağdakı Vətən müharibəsi bir çox hərbi və siyasi parametrlərinə görə “sabahkı günün ilk müharibəsi” hesab edilməlidir.

Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması bu kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub. Münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət və böyük ölçüdə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişini müəyyənləşdirəcək.

Kitabda İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində Azərbaycan Ordusunun apardığı əməliyyatlar xəritələrdə əksini tapıb. Bu baxımdan kitab Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və dinləyiciləri, hərbi nəzəriyyəçilər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahələrində ixtisaslaşan mütəxəssislər üçün dəyərli mənbədir. Nəşr, həmçinin Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də böyük əhəmiyyət kəsb edir.