Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib

BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib.

UNICEF-dən AZƏRTAC-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.

Mərasimdə E.Karvardin bildirib ki, Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq qalır.

Qeyd olunub ki, bu poçt markasında çətir altında dayanan bir uşaq silueti əks olunub. Onun əlindən tutan böyük insan əli isə dünyadakı hər bir uşaq üçün qayğı və müdafiənin vacibliyini xarakterizə edir. Məhdud sayda olan xüsusi buraxılış markalarını poçt şöbə və filiallarından, eləcə də, “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Azərbaycan 1992-ci ildə dünyada Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir. UNICEF-in Azərbaycanda ilk ölkə proqramının əsası isə 1993-cü ildə qoyulub.