Azərbaycanın qrup hərəkətləri üzrə komandası dünya kuboku yarışlarının finalına yüksəlib

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası beş halqa ilə proqramın finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamızın çıxışı hakimlərdən 33.050 xal alaraq təsnifat mərhələsində ikinci yeri tutub.

İtaliya (33.250 xal), İsrail (32.750 xal), Yaponiya (30.200 xal), Almaniya (29.500 xal), Özbəkistan (28.950 xal), Finlandiya (27.300 xal) və Gürcüstan (26.900 xal) komandaları da finala vəsiqə qazanıblar.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır.

Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.