Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkədə fəaliyyət göstərən “Türkel” Media Qrupunun rəhbəri ilə görüşüb

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bu ölkədə fəaliyyət göstərən “Türkel” Media Qrupunun prezidenti, Qırğızıstanın Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova ilə görüşüb. Görüşdə qrupun baş redaktoru Ramiz Məşədihəsənli də iştirak edib.

AZƏRTAC xəbər verir ki, L.Qəndilov Əməkdar mədəniyyət xadimi H.Xəlilovanı 8 Mart – Beynəlxalq Qadınlar Günü və doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Səfir bildirib ki, “Türkel” Media Qrupu 20 ildən çoxdur Qırğızıstanın informasiya məkanında uğurla fəaliyyət göstərir. Media qrupu “Altın körpü” jurnalı, “Türkel” qəzeti və bir neçə saytı özündə birləşdirir. Diplomat qrupun əməkdaşlarının səfirliyin tədbirlərini də müntəzəm işıqlandırmasına görə H.Xəlilovaya minnətdarlıq edib.

“Türkel” Media Qrupunun prezidenti H.Xəlilova diqqətə görə səfirə təşəkkürünü bildirib, ona Qırğızıstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.