Azərbaycanın 20 karateçisi Moskvada Premyer Liqa turnirində çıxış edəcək

Oktyabrın 4-də Rusiyanın paytaxtı Moskvada start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 6-cı mərhələsində yığmanın 20 üzvü mübarizə aparacaq. Sentyabrın 23-də Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanan 13 nəfərlik heyətlə birlikdə daha 7 idmançı turnirdə çıxış edəcək.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev, Tural Ağalarzadə (hamısı 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı, Şahin Atamov, Əli Cəfərov (hamısı +84 kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışına qatılacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi nümayəndə heyətində vitse-prezident Rəhman Hətəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev də yer alıb. Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 karateçi yarışacaq.