Azərbaycanda taxıl sahələrinin 46%-də biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 45,7%-ində biçin başa çatıb. İyunun 23-nə olan operativ məlumata görə, 461 907 hektar sahədən 1 455 342,8 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sent/ha, o cümlədən buğda üzrə 33,3 sent/ha, arpa üzrə isə 30,4 sent/ha təşkil edir.

Bu barədə “Report”a Kənd Təsərüfatı Nazirliyindən bildirilib.

Bu il Azərbaycanda 369 min hektardan çox sahədə arpa əkilib. Bugünədək arpa sahələrinin 76 faizində biçin yekunlaşıb. Sahələrdən 860 968,2 ton arpa yığılıb. Artıq 22 rayonda arpa sahələrinin 95%-indən çoxu biçilib.

Sahələrdə buğda biçini sürətlə davam etməkdədir. Bugünədək 178 681,8 hektar sahədə buğda biçini aparılıb, sahələrdən 594 374,6 ton buğda yığılıb.

Biçin prosesində 1 671 kombayn iştirak edir. Bunlardan 611-i “Aqrolizinq” ASC-nin yerli bölmələrində olan kombaynlardır. “Aqrolizinq” tərəfindən digər rayonlardan aktiv biçin gedən bölgələrə əlavə olaraq 142 kombayn dislokasiya edilib. Biçin prosesinə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 918 kombayn da cəlb olunub.

Biçin davam edir.