Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

“Report” xatırladır ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Martın 12-də Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 19-dur.

Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.