Azərbaycanda ildə 300 milyon kubmetrdən çox qaza qənaət ediləcək

Azərbaycanda “Acwa Power” və “Masdar” şirkətləri ilə həyata keçirilən layihələr ildə 300 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.

Bunu Trend-ə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə olunması və monitorinqi şöbəsinin direktor müavini Cəbrayıl Əliyev deyib.

O bildirib ki, ölkədə Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti tərəfindən 240 meqavatt gücündə külək elektrik stansiyası, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavatt gücündə günəş elektrik stansiyası quraşdırılacaq: “Bu layihələrin uğurla icra olunacağı təqdirində Azərbaycanda ildə 1,5 milyard kilovatt elektrik enerjisinin istehsalı proqnozlaşdırılır ki, bu da karbon qazı tullantılarını 600 min ton azaltmağa kömək edəcək və ildə 330 milyon ton kubmetr təbii qaza qənat etməyə imkan verəcək. Hazırda Azərbaycanda elektrik enerjisində bərpa olunan enerji mənbələrinin payı 17 faiz təşkil edir, 2030-cu ilədək bu göstəricini 30 faizə çatdırmaq planlaşdırılır”.

C.Əliyevin sözlərinə görə, ölkədə bərpa olunan enerji mənbələri sferasına investisiya qoymaqda maraqlı olan xarici şirkətlərin sayı artır və bu istiqamətdə layihələrin reallaşdırılmasın yönəlmiş işlər davam etdirilir: “Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin bərpa olunan enerji potensialından tam şəkildə yararlanmağa imkan verir”.