Azərbaycanda bu tarixdən əlillik dərəcəsi yeni meyarlarla müəyyən ediləcək

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyin qüvvəyə minmə vaxtı uzadılıb.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əlilliyin təyin edilməsinin yeni meyarları nəzərdə tutulan dəyişikliklərin bu ilin yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulurdu:

“Lakin texniki səbəblərdən dəyişikliklərin qüvvəyə minməsi vaxtı uzadılıb, çünki dəyişikliklərin tətbiq olunması üçün Nazirlər Kabineti 800-ə yaxın meyarı təsdiq etməlidir. Eyni zamanda bu ekspertizanı aparacaq həkimlərə də beynəlxalq ekspertlər tərəfindən treyninqlər keçirilməlidir. Bundan əlavə, həm TƏBİB-in, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərinin və məlumat bazalarının bir-birilərinə uyğunlaşdırılması da lazımdır.

Buna görə də qərara alındı ki, qanunun icrası 2022-ci il iyulun 1-dən həyata keçirilisin. Artıq bu istiqamətdə hazırlıq prosesləri gedir və qeyd olunan tarixdən əlillik yeni meyarlarla müəyyən ediləcək”, – deyə M.Quliyev vurğulayıb.

Qeyd edək ki, yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.