Azərbaycan yanvarda “OPEC +” üzrə öhdəliyini tam yerinə yetirib

2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barrel azaldaraq 595 min barrel həcmində saxlamalıdır.

Qeyd edək ki, cari ilin 5 yanvar tarixində keçirilmiş “OPEC +” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC +” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.