Azərbaycan XİN İsraili təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin tviterində paylaşım edilib.

“İsrail Dövlətinin Milli Günü münasibətilə İsrail hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli Gününüz mübarək, İsrail!”, – tvitdə qeyd olunub.

Qeyd edək ki, İsrailin Müstəqillik Günü İsrailin əsas dövlət bayramıdır və hər il 14 may 1948-ci ildə (yəhudi təqviminə görə, 5 iyar 5708-ci il) İsrail Dövlətinin elan edilməsini xatırlamaq üçün qeyd olunur. Həmin tarixdə Böyük Britaniyanın Fələstində mandatının bitməsinə təxminən 8 saat qalmış İsrailin Müstəqillik Bəyannaməsi imzalanıb və David Ben-Qurion (sonradan İsrailin ilk Baş naziri) İsrail Dövlətinin yaradıldığını elan edib. Yəhudi dövlətinin yaradılmasının elan edilməsi BMT Baş Assambleyasının qərarına əsaslanıb.

Bayram, yəhudi təqviminə görə, iyar ayının 5-də qeyd olunur və ya iyar ayının 5-i cümə və ya şənbə gününə düşərsə, ən yaxın cümə axşamına ertələnir. Yəhudi təqvimindəki tarixlər günəş batdıqca dəyişdiyi üçün qeydetmə əvvəlki gecə başlayır.