Azərbaycan və Qətər XİN arasında növbəti məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayevin Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan və Qətər XİN arasında növbəti məsləhətləşmələr keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, səfər ərzində Azərbaycan Respublikası və Qətər Dövlətinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin üçüncü raundu baş tutub. Məsləhətləşmələrdə, Qətər tərəfini xarici işlər üzrə Dövlət Naziri Soltan bin Saad Al-Mureyxi təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Səfər çərçivəsində, F.Rzayev Qətərin “Əl-Cəzirə” telekanalını ziyarət edib.

F.Rzayev, həmçinin Qətərin Həməd Bin Xəlifə və Georgetown universitetlərində tələbə və müəllim heyəti ilə görüşlər keçirib.