Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər

Azərbaycan və Avropa İttifaqı (Aİ) tərəfdaşlıq sazişinin mətnini gələn ilin mart ayına qədər razılaşdıra bilərlər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.

Nazir müavini qeyd edib: “Əgər bizim aramızda qarşılıqlı anlaşma olsa, kompromissə gedəcəyik. Düşünürəm ki, gələn ilin mart ayınadək sazişin mətnini razılaşdıracağıq. Bizim üçün əsas olan sənədi hazırlamaq və paraflamaq, sonra isə ratifikasiya etməkdir”.

M.Məmməd-Quliyev əlavə edib ki, Avropa Komissiyası və Avropa Parlamentində qarşıda duran seçkilərin nəticəsi həmin sənədin imzalanması prosesinə təsir göstərməyəcək, çünki hər iki tərəf bu sazişi dəstəkləyir.