Azərbaycan Texniki Universiteti “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalovla görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor universitetdə idarəetmənin elektronlaşdırılması və elektron təhsil sistemi ilə bağlı qonağa məlumat verib.

F.Zeynalov bildirib ki, şirkətin məqsədi AzTU-da 2016-cı ildən fəaliyyətə başlamış “Cisco” Şəbəkə Akademiyasının işini genişləndirməkdir. Bunun üçün universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tədris proqramları Akademiyanın təlim kursuna uyğunlaşdırılmalıdır. İnformasiya texnologiyaları sahəsində gənc kadrlar hazırlanmalıdır. Müvafiq sahədə bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və tələbələr Akademiyanın dərslərində iştirak edə bilərlər. Dərslər şirkətin beynəlxalq proqramına əsaslanır.

Vurğulanıb ki, Akademiyanın kurslarını bitirən tələbələrə təqdim olunan sertifikatlar dünyanın hər yerində tanınır. Bu da gənclərin karyerada üstünlük əldə etməsinə imkan yaradır.

Rektor görüləcək işlərlə bağlı “Yol xəritəsi”nin hazırlanmasının və işçi qrupun yaradılmasının vacibliyini qeyd edib.