Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

Fevralın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri Plenumun iclasını açaraq, 2020-ci ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Qeyd olunub ki, bu hadisələrin ən önəmlisi otuz il düşmən işğalında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun hünəri ilə azad edilməsidir. Bu Zəfər xalqımızı daha da bütövləşdirdi, milli həmrəyliyimizi gücləndirdi. Bizə yaşatdıqları qürur və fəxarət hissləri üçün Prezident İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Diqqətə çatdırılıb ki, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı ötən il bir sıra işlər görülüb. Fərmana uyğun olaraq, mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

“2020-ci ildə koronavirus (COVID-19) infeksiyası dünyada olduğu kimi, ölkəmizdə də həyatın bütün digər sahələri ilə yanaşı, məhkəmə fəaliyyətinə də təsirsiz ötüşməyib. Nazirlər Kabinetinin müvafiq qərarları əsas götürülərək məhkəmələrdə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, icraatda olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb. Ali Məhkəmə bir neçə dəfə pandemiya dövründə məhkəmə fəaliyyətinin həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyələrin əks olunduğu məlumatlar yayıb. Bu hal böhran vəziyyətlərində ədalət mühakiməsi sistemini fəaliyyəti təmin etməyin alternativ yollarını düşünməyə dair yeni çağırışlarla üz-üzə qoyub. Bu məqsədlə məhkəmələrin ənənəvi qaydada fəaliyyətlərini təmin etməyin mümkün olmadığı böhran vəziyyətlərində onların idarə olunmasına və təməl prinsiplərə riayət etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə dair yeni yanaşmalar işlənib hazırlanmalıdır”, – deyə Ramiz Rzayev bildirib.

Vurğulanıb ki, 2020-ci ildə koronavirus infeksiyası səbəbindən işlərə baxılmasında tətbiq olunan müəyyən məhdudiyyətlərə və təxirə salmalara baxmayaraq Ali Məhkəmə öz fəaliyyətinə fasiləsiz olaraq davam edib. Ali Məhkəmənin Aparatı da 2020-ci ildə öz fəaliyyəti ilə müsbət mənada seçilib. Belə ki, milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədilə Ali Məhkəmə öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilib, eyni zamanda, bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqlərinin aparılmasına başlanıb. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib, müvafiq rəy və təkliflər verilib.

Ötən il dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23 min 878 müraciət daxil olub. Müraciətlərə müvafiq qaydada baxılıb və ya cavablandırılıb. Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlərə uyğun olaraq, 2020-ci ilin martından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilib. Bu dövr ərzində Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən bölgələrdə 135 nəfər qəbul olunub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib. Eyni zamanda, təqdim edilmiş müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan Respublikasının hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir. 2020-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü olub. Bu şəbəkə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilmiş məhkəmələr arasında informasiya mübadiləsinin aparılması üzrə platformasının yaradılmasını nəzərdə tutur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə xidmət edir. 2020-ci il noyabrın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsi və “CEELI Institute”nun birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin iştirakı ilə “Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda konfrans keçirilib.

Məlumat verilib ki, internetdə Ali Məhkəmənin daim yenilənən saytı yerləşdirilib. Həmin saytda Ali Məhkəmənin Plenumu və müvafiq kollegiyaları tərəfindən qəbul edilmiş qərarlar və digər məlumatlar yayılır. Orada hər bir vətəndaş və media əməkdaşı Ali Məhkəmənin fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilər. İkinci Qarabağ müharibəsi ilə bağlı bəyanatlar Ali Məhkəmənin veb-saytında dərc edilib. Ali Məhkəmənin veb-saytında yaradılmış “Qarabağ Azərbaycandır!” interaktiv bölməsində Azərbaycan, rus və ingilis dillərində materiallar yerləşdirilib, həmçinin “Facebook” və “Twitter” sosial şəbəkələrində müxtəlif xəbərlər və məlumatlar dərc olunub. “Elektron məhkəmə informasiya sistemi” və Ali Məhkəmədə mövcud informasiya texnologiyaları infrastrukturu üzrə aparılmış təkmilləşdirmə, modernləşdirmə və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq işlər görülüb.

Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2020-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib.

Plenumda hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb. Diqqətə çatdırılıb ki, Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub. Bu səbəbdən baxılmış işlər – Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayında 29,9 faiz azalma olub. Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb. Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə edilib. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.

Bununla yanaşı, məruzələr ətrafında çıxış edənlər Kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu xüsusi qeyd ediblər. Ləğv olunan məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.

Plenumda Ali Məhkəmənin dörd əməkdaşının hakim seçilməsi qeyd edilib.

Ali Məhkəmənin 2021-ci ilə dair iş planının təsdiqləndiyi Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.