Azərbaycan pomidor ixracını diversifikasiya edəcək

“Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: “Körfəz ölkələrinə ixrac üçün sahibkarların “Qlobal Gab” sertifikatı əldə etməlidirlər. Bu istiqamətdə artıq işlərə başlanılıb”.

Y.Abdullayev əlavə edib ki, pomidor istehsalı ilə məşğul olan bəzi xırda müəssisələrin korporativləşməsi istiqamətində də işlər həyata keçirilir.

Xatırladaq ki, Azərbaycanın pomidor ixracında əsas üstünlüyü Rusiya bazarıdır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinə Rusiyaya pomidor ixrac etməyə icazə verilir.