Ermənistan silahlı qüvvələrinin bölmələrinin martın 26-da cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov dəfn edilib.
“Report”un Qərb bürosu xəbər verir ki, şəhidin nəşi dəfn edilməsi üçün onun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib.
Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, Yuxarı Salahlı kənd qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, ailənin böyük oğlu olan Ə.Əlləzov 2018-ci ilin yanvar ayından həqiqi hərbi xidmətə çağırılıb və onun xidmətini başa vurmasına 4 ay qalmışdı.
Allah rəhmət eləsin!