Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb

İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasından 30 ilə yaxın vaxt keçir. Bu gün rəsmi Bakı İsraildə ilk dəfə olaraq Azərbaycanın Ticarət və Turizm Nümayəndəliklərini açıb.

AZƏRTAC xəbər verir ki, İsraildə çıxan nüfuzlu ivritdilli “İsrael HaYom” qəzetində bu barədə israilli jurnalist Din Şmuel Elmasın “Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif qeyd edir ki, nümayəndəliklərin açılış mərasimi İsrail-Azərbaycan hökumətlərarası komissiyasının işi çərçivəsində həyata keçirilib. Komissiyaya İsrail tərəfindən bu ölkənin turizm naziri Yoel Razvozov, Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov başçılıq edir. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, habelə İsrailin və Azərbaycanın digər yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Şmuel Din Elmas qeyd edir ki, İsrailin turizm naziri Yoel Razvozov İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəlikləri yaradılması planları barədə ilk dəfə bu ilin aprel ayında “İsrael HaYom” qəzetinə müsahibəsində söhbət açıb. Nazir deyib: “İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəliklərinin açılması iki ölkə arasında münasibətlərdə növbəti böyük diplomatik uğurdur və mən ümid edirəm ki, bu addım yaxın vaxtlarda İsraildə Azərbaycan səfirliyinin açılmasına gətirib çıxaracaq. Mən bu mühüm addım münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi də təbrik edirəm”.

Y.Razvozov İsrailin maliyyə naziri Aviqdor Libermanın iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona minnətdarlığını bildirib.

Nazir M.Cabbarov “İsrael HaYom” qəzetinə müsahibəsində deyib: “İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəliklərinin açılması iki ölkə arasında ticarətin həcminin artmasına və iki ölkənin vətəndaşları arasında münasibətlərin genişlənməsinə böyük töhfə verəcək”.

Azərbaycanın iqtisadiyyat naziri açılış mərasimindəki çıxışında qeyd edib ki, yenidən İsrail Dövlətində səfərdə olmağı, ölkələrimiz və xalqlarımız üçün bu mühüm və əlamətdar tədbiri həyata keçirməyi özü üçün böyük şərəf sayır.

Nazir Mikayıl Cabbarov vurğulayıb: “Biz strateji münasibətlərimizdə yeni mərhələyə çatmışıq. Əməkdaşlığımızın dərin kökləri var, Azərbaycan və İsrail vətəndaşları arasında çoxillik əlaqələr əsasında münasibətlərimiz daha da yaxşılaşıb.

Biz bu fakta görə qürur duyuruq ki, ölkələrimiz və konfessiyalarımız arasında münasibətlər Azərbaycana xas olan multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanır, Azərbaycanda müsəlmanlar və yəhudilər həmişə bir-birinə böyük hörmət, ehtiram və diqqət göstərir. Bu, xalqlarımızın ortaq uğurudur”.

Azərbaycanlı nazirin sözlərinə görə, əlaqələrimizin iqtisadi aspektinə diqqət yetirəndə anlayırıq ki, bu uğurları daha da inkişaf etdirmək lazımdır. İsrail ilə Azərbaycanın çox böyük potensialı var və maksimum uğur gətirən səviyyəyə çatmaq üçün hələ çox iş görməliyik. Hesab edirəm ki, İsraildə Ticarət-Turizm Palatasının açılması bu hədəfə çatmağa imkan yaradacaq”.

Dünən Azərbaycanın iqtisadiyyat naziri İsrailin xarici işlər naziri, Baş nazir səlahiyyətlərini icra edən Yair Lapid və mənzil tikintisi naziri Zeev Elkin ilə görüşlər keçirib. Bu görüşlərdə müzakirə edilən əsas mövzu İkinci Qarabağ müharibəsinə qədər erməni vandallar tərəfindən məhv edilmiş, bu müharibədə erməni işğalından azad olunmuş Qarabağın dirçəldilməsi və inkişaf etdirilməsi məsələsi olub.

İsraildə çıxan ivritdilli nüfuzlu “İsrael HaYom” qəzeti sonda yazır ki, nazir Mikayıl Cabbarov deyib: “Biz erməni işğalından azad edilmiş ərazilərdə dəhşətli mənzərə gördük. Ermənilər orada daşı daş üstündə qoymayıblar. Biz Qarabağa real həyat qaytarmaq istəyirik. Artıq infrastruktur obyektləri və aeroport tikintisinə başlamışıq. Azərbaycan xalqı ən yaxşı texnologiyalar əsasında salınacaq intellektual şəhərlərə qayıdacaq. Bu layihələrdə bir neçə ölkə iştirak edir və Qarabağda bizə real kömək göstərmiş ilk dövlətlərdən biri İsrail olub.

Rəsmi Bakı Qarabağ regionunun dirçəldilməsinə bütün sahələrdə kömək edəcək İsrail şirkətləri ilə sazişlər bağlamaq niyyətindədir. Əminik ki, bu, ikitərəfli münasibətlərə böyük töhfə verəcək və yeni zirvələrə gətirib çıxaracaq. Biz israilli sərmayədarları bu layihələrə qoşulmağa dəvət edirik. Hesab edirik ki, texnologiyalar, innovasiyalar, kosmos və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var.

İsraildə nazirlərlə, nazirliklər və işgüzar dairələrlə keçirdiyimiz bütün görüşlər göstərdi ki, hər iki tərəfdən qərarlar qəbul edən rəsmi şəxslər bu münasibətləri daha da möhkəmləndirmək əzmindədirlər.

Mən turizm sahəsində həmkarlarımıza da uğurlar arzu edirəm. Azərbaycanın İsrail Dövlətində bu gün açılmış Ticarət və Turizm Nümayəndəliklərinə uğurlar diləyirəm”.