Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar

Aprelin 2-də Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üzrə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq münasibətlərinin inkişafı baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Nazirlər ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivlərini müzakirə edərək, bu xüsusda Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən Müharibəsinin nəticələri, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini bildiriblər.

Görüşdə, həmçinin Azərbaycan ilə Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib.