Azərbaycan ilə BMT-nin Uşaq Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Oktyabrın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın BMT-nin Uşaq Fondunun (UNİCEF) Avropa və Orta Asiya üzrə (mənzil qərargahı Cenevrədə yerləşən) regional direktoru Əfşan Xan ilə onlayn formatda görüşü keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Komitə sədri Bahar Muradova Azərbaycan üçün vacib olan hazırkı dönəmdə bu görüşün təşkil edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O bildirib ki, ölkəmizin UNICEF-in regional, eləcə də ölkə üzrə nümayəndəliyi ilə davamlı xarakter daşıyan əlaqələri hökumət, parlament, həm də cəmiyyət səviyyəsində çox faydalı olub. Ötən müddət ərzində aparılan müzakirələrdə koronavirus pandemiyasının yaratdığı çətinliklərin aradan qaldırılması, həssas təbəqələrdən olan uşaqların problemlərinin həlli ilə bağlı məsələlər ətrafında məsləhətləşmələr aparılıb və birgə fəaliyyətlərimiz davam etməkdədir.

B.Muradova hazırda ölkədəki hərbi-siyasi durum və Dağlıq Qarabağ məsələsi ətrafında yaranan vəziyyətlə əlaqədar çətinliklərin olduğunu və təmas xəttinə yaxın ərazilərdə yaşayan vətəndaşlarımızın, mülki əhalinin Ermənistan ordusu tərəfindən mütəmadi atəş altında saxlanıldığını, bu prosesdən daha çox uşaqların əziyyət çəkdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, erməni təxribatları nəticəsində bu günə qədər 31 mülki əhali həlak olub, onlardan 5-i uşaq, 5-i isə qadındır. Eyni zamanda, 160 dinc sakin yaralanıb, 142 mülki obyekt, 1050 yaşayış evi yararsız vəziyyətə düşüb. Hazırda Azərbaycanda mülki vətəndaşların və ərazilərimizin artilleriya atəşinə tutulması davam etməkdədir. Torpaqlarımızın bir qismi işğaldan azad olunub, ancaq həmin məkanlardakı vəziyyət ürəkağrıdıcıdır. Belə ki, bu ərazilərdə indiyə qədər Azərbaycana məxsus olan bir tarixi abidə, bir tikili, bir ev, insan üçün yaşamağa imkan verən bir mülki infrastruktur belə qalmayıb.

Hazırda Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi uğrunda sülhə məcburetmə əməliyyatlarını davam etdirdiyini diqqətə çatdıran Komitə sədri bildirib ki, bizim əzmimiz işğal altında olan bütün torpaqlarımızın azad olunmasına yönəlib və biz bunun üçün çalışırıq. Lakin bu proses itkilər hesabına başa gəlir. Təmas xəttinə yaxın bir şəhər kimi təkcə Tərtəri misal gətirən B.Muradova vurğulayıb ki, sentyabr ayının 27-dən bu günədək şəhərə 12 minə qədər mərmi atılıb. Bu ərazilərdə məktəblər fəaliyyətini dayandırıb və uşaqlar bu müddətdə təhsildən kənar qalıblar.

Bu günə qədər 30 illik münaqişə tarixində beynəlxalq hüququn bütün prinsiplərinin və qəbul edilmiş bütün sənədlərin müddəalarının Ermənistan tərəfindən ciddi şəkildə pozulduğunu diqqətə çatdıran Komitə sədri Ermənistanın BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının, eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” Qətnaməsinin tələblərinə əməl etmədiyini deyib. O bildirib: “Müharibə hər iki tərəfə itkilər verir. Lakin biri var ədalətli, biri də var təcavüzkar tərəf. Bu gün Azərbaycan tərəfindən aparılan əməliyyatlar 30 illik müddətdə pozulmuş ədalətin geri qaytarılmasına, insanların haqqının, hüququnun qorunmasına, onların ilkin yaşadıqları məkana qaytarılmasına, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsinə yönəlib”.

Bahar Muradova, həmçinin Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası və onun əsasında hazırlanan Milli Fəaliyyət Planı haqqında məlumat verərək bildirib ki, bu mühüm sənəd gündəlikdə duran əsas məsələlərdəndir və Komitə tərəfindən Fəaliyyət Planının həyata keçirilməsinin koordinasiya edilməsi işləri davam etdirilir.

Komitə nəzdində regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətini qeyd edən B.Muradova bildirib ki, mərkəzlərin işi fövqəladə vəziyyətlərdə daha çox aktuallıq kəsb edir və bu durumda vahid uşaq müdafiə sisteminin yaradılması və onun çevik fəaliyyəti, eləcə də uşaqların vəziyyətinə dair bütün istiqamətlər üzrə monitorinqlərin aparılması prosesi sürətlə həyata keçiriləcək.

BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Orta Asiya üzrə regional direktoru Əfşan Xan Komitə sədri ilə səmimi görüşdən məmnunluğunu ifadə edib. O, münaqişə məsələsinə toxunaraq vəziyyətin daha da gərginləşməsini nəzərə alaraq UNICEF-in hər iki tərəfə rəsmi müraciət etdiyini bildirib və bütün tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində mülki əhali və mülki infrastrukturla bağlı götürdükləri öhdəlikləri xatırladıb. Bildirib ki, hərbi münaqişələr zamanı mülki əhali hədəf seçilməməlidir. Heç bir hərbi münaqişə heç bir uşağın maraq və mənafeyinə cavab vermir. Əfşan Xan hərbi vəziyyətdən bilavasitə zərər çəkmiş əhaliyə psixo-sosioloji yardımın göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

O, eyni zamanda, Uşaq Strategiyasının vacibliyini qeyd edərək, hökuməti bu münasibətlə təbrik edib. Ə.Xan həmin strategiyada və milli fəaliyyət planında öz əksini tapmış vəzifələrin yerinə yetirilməsi üçün dövlət vəsaitinin ayrılması, uşaqlarla bağlı müvafiq tədbirlərin görülməsi və aidiyyəti olan nazirliklərin bu işlərin həyata keçirilməsinə cəlb edilməsinin əhəmiyyətini qeyd edərək, UNICEF-in həm regional, həm də ölkə səviyyəsində daim yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Sonda Komitə sədri 30 il əvvəl Ermənistan və sovet qoşunlarının işğala məruz qoyduğu Füzuli bölgəsinə qayıtmaq imkanı əldə etdikdən sonra, birlikdə nəinki burada, həmçinin, Laçında, Kəlbəcərdə və digər bölgələrimizdə görüşmək imkanının olacağına və uzun illər münaqişədən əziyyət çəkən ailələrə, uşaqlara bu ərazilərdə yeni həyata qovuşmaq istiqamətində birgə dəstək göstəriləcəyinə ümid etdiyini bildirib.

Görüşdə, həmçinin Komitə sədrinin müavini Aynur Sofiyeva iştirak edib.