Azərbaycan elektron imzanın Avropa ölkələrində tanınması istiqamətində iş aparır

“Azərbaycana və Türkiyəyə məxsus elektron imzaların qarşılıqlı olaraq tanınması hüquqi sənədlərin qüvvəyə minməsinə və tanınmasına şərait yaradır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum elektron imzanın digər ölkələrdə, o cümlədən Avropa ölkələrində də tanınmasına maraqlıdır: “Avropada qəbul olunmuş yeni direktivin icrası ilə bağlı həyata keçirilən fəaliyyət Azərbaycan üçün önəmlidir. Biz Avropa ölkələri ilə qarşılıqlı tanınmanı həyata kemirməkdən ötrü mütləq həmin yanaşmanı ölkəmizdə də tətbiq etməliyik. Bir məsələni də vurğulayım ki, hazırda Azərbaycanda elektron imza sahəsindəki qanunvericilik bilavasitə Avropa direktivləri əsasında hazırlanıb. Çalışırıq ki, qanunvericiliyimiz yeni yanaşmaya uyğun olsun. Bu istiqamətdə işlər gedir. Yeni layihənin icrası, aparılması üzərində iş gedir”.

Nazir müavini Azərbaycanda elektron ticarət sahəsində vəziyyət barədə də danışıb və ötən il bu sahədə 7 dəfə artım olduğunu bildirib.

“Azərbaycanda elektron ticarət üçün ABŞ və Çindən olan məşhur ticarət platformalarından daha çox istifadə edilir. Amma yerli platformalardan da istifadə genişlənir”.